Rusiya şirkətləri Qırğızıstanda 3,5 milyard dollarlıq layihələr həyata keçirəcəklər
Qırğızıstanın Cəlalabad şəhərində başa çatan ikitərəfli regionlararası konfransda Rusiya və Qırğızıstan nümayəndələri təxminən 1,2 milyard dollar dəyərində müxtəlif müqavilə və sazişlər imzalayıblar.
Bu barədə məlumatı Rusiya-Qırğızıstan İnkişaf Fondunun idarə heyətinin sədri Artem Novikov görüşün nəticələrini şərh edərkən açıqlayıb.
Bağlanmış sazişlərdə görə, Rusiyanın “Unigreen Energy” şirkəti Qırğızıstanın İssık-Kul vilayətində 300 MVt (dəyəri 270 milyon dollar) gücündə günəş elektrik stansiyasını tikəcək. Həmçinin Rusiya şirkətləri Cəlalabad rayonunda böyük balıqçılıq təsərrüfatı (dəyəri 100 milyon dollar) yaradacaq, Talas rayonunda gücü 29 MVt olan kiçik su elektrik stansiyasını ( dəyəri 42 milyon dollar) tikəcəklər.
Bundan əlavə, iki ölkənin biznes strukturlarının nümayəndələri Bişkekdə innovativ tibbi klasterin (150 milyon dollar), İssık-Kul regionunda gücü 100 MVt-a qədər olan külək elektrik stansiyasının (100 milyon dollara qədər) tikintisi və Qara-Tıt kömür yatağının işlənməsi (79 milyon dollara qədər) barədə razılığa gəliblər.
Bu layihələrdən əlavə, Novikov Rusiya kapitalının iştirakı ilə Qırğızıstanın Cəlalabad vilayətində daş kömürlə işləyəcək elektrik stansiyasının (2,3 milyard dollar) tikintisi üzrə investisiya layihəsini qeyd edib. Ümumilikdə, onuncu regionlararası Rusiya-Qırğızıstan konfransının yekunlarına əsasən, iyirmi saziş imzalanıb.
Share this content:
Post Comment